Qazaxıstan millisi yoxlama görüşündə Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra Qazaxıstan millisinin qolkiperi Nenad Eriç qələbə ilə bağlı fikirlərini bölüşüb:

"Yaxşı oyun sərgilədik və qolları da vaxtında vurduq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik və müdafiədə inamlı çıxış etdik. Müdafiə xəttində "Astana"lı oyunçuların olması işimizi asanlaşdırdı. Bir-birimizi çox yaxşı başa düşürük. Stanimir Stoilov ilə klubda da çalışmışıq. Onunla uzun müddət çalışdığımız üçün nə istədiyini bilirik".

Serbiya əsilli 36 yaşlı qapıçı Qazaxıstanın Millətlər Liqasındakı şanslarından danışıb:

"Azərbaycan, Bolqarıstan və Macarıstanla oyunlar hazırlıq xarakteri daşıyır və bu, inkişafa yaxşı təsir edəcək. Yığmanın Millətlər Liqasına hazır olması üçün klubların avrokuboklardakı çıxışı da vacibdir. Baş məşqçi hazır olan futbolçuları seçəcək. Turnirdə əlimizdən gələni edəcəyik".