21 yaşlılardan ibarət millimizin baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsində evdə Avstriya ilə keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, serbiyalı mütəxəssis seçməmizin 0:3 hesablı məğlubiyyəti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb:

- Millimiz növbəti dəfə uduzdu. Bu uğursuz seriya nə vaxta qədər davam edəcək? Bizim millimiz nə vaxt qalib gələcək?

- Çətin sualdı. Bilmirəm. Rəqiblərdən üstün oynayanda qalib gələcəyik.

- Qrupun aşkar autsayderi Estoniya ilə oyunda da qələbəyə ümid etməyək?

- Bunu fikirləşmirəm. 4 gün sonra matçımız var. Norveçlə qarşılaşmanı düşünürəm.

- Bu dəfə sizi daha çox nə məyus etdi?

- Başqa amil məyus etdi, bunu danışmaq istəmirəm. Futbolçular bu gün hər şey etdilər, onlara paltardəyişmə otağında təşəkkür etdim. İlk hissədə yaxşı oynadıq. Birinci hissədə futbolçulardan istədiyimi aldım. Fasilədən sonra çalışdıq ki, oyunu düzəldək. Hesab 0:1 olardan fürsətimiz oldu. Son ötürmədə sonra qol vurmaq üçün dəqiqlik çatmadı.

- Buraxılan ilk qol sanki komandanın motivasiyasını aşağı saldı. Çünki qola qədər başabaş mübarizə var idi.

- Biz bilirdik ki, fürsətlərimizdən istifadə etməliyik. Rəqib futbolçuların keyfiyyətindən istifadə etdi. Çalışırdıq, amma bizə imkan vermədilər.

- Oyunu yerliləriniz idarə etdi. Hakimlərdən narazısınız?

- Hakimlərlə bağlı öz fikrim var, təəssüf ki, bunu açıqlaya bilmərəm. Bildiyim qədər, açıqlasam, cəzalanacam. Təbii ki, məmnun qalmadım. Demək istəmirəm ki, hakimlərə görə uduzmuşuq. Oyun başlayan kimi 4 sarı vərəqə aldıq. Nə deyim? Hakimlərin Serbiya və İngiltərədən gəlməsinin fərqi yoxdu. Qısası, hakimlərdən razı qalmadım.

- Millimiz böyük hesablarla məğlub olur. Bu nəticələr sizin gedişinizi daha da tezləşdirir? Yoxsa bu nəticələrin təsiri olmayacaq?

- Bu sual mənə aid deyil.

- Milliyə yeni dəvət alan Emil Mustafayev yığmanın oyununa rəng qata bilir?

- Onunla danışıram. Ukrayna premyer-liqasında oynayır. Emil Ukrayna U-21 millisindən də dəvət alıb, amma qəbul etməyib və Azərbaycanı seçib. Onda çox böyük istək gördüm. Bu çox patriot hərəkətdi.

- Norveçlə oyuna futbolçuları necə kökləyəcəksiniz? Qarşıdakı matçdan nə gözləyək?

- Komanda bərpa olunmalıdı. Psixoloji olaraq oyunçuları hazırlayacağıq. Bu məğlubiyyətlə futbol bitmir. Onlar üçün futbol davam edir. Bu, hələ başlanğıcdı.

- Sizin "Premyer Liqada hər komandanın start heyətində U-21 millisinin 2 üzvü yer almalıdı" fikirləriniz müzakirələrə səbəb oldu. Çempionatımızdakı baş məşqçilərin çoxu bu fikri dəstəkləmədi. Ötən gün əsas millimiz Lüksemburqla oyunda rəzil oldu. Sizin biabırçı günə düşən Azərbaycan futbolu üçün nə tövsiyəniz var? Belə uduzmağımızın səbəbləri nədi?

- Mən futbolçularla fikirlərimi paylaşıram. Təcrübəmdən istifadə edirəm. Kimə lazım olubsa, söyləmişəm. Mən istəyərəm ki, daha çox gənc futbolçu premyer-liqada oynasın. Mən bunu millinin baş məşqçisi kimi yanaşıb söyləyib. Sizin baxışınız fərqli ola bilər. Hər kəs fərqli qəbul edir. Mən də belə düşünüb fikrimi söyləmişdim. Mən də bu oyunumuzdan razı deyiləm. Hələ şansımız var, xallar yığa bilərik. 3 ildi burdayam, 11 futbolçu bizdən əsas komandaya yollanıb. Bunu qeyd etməliyəm. Mənim əsas vəzifəm xallar toplayıb, qələbə qazanmaqdı, digər missiyam isə milliyə futbolçu yollamaqdır.