“Keşlə” klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra bunları deyib:

“Xalqımızı Zəfər günü münasibətilə təbrik edirik. Şəhidlərimizin sayəsində başıuca gəzirik. Oyuna gəlincə, inanılmaz xarakter göstərdik. Həftə ərzində necə oynayacağımızı müzakirə etdik. Hesabda geri düşsək də, toparlandıq. Belə qələbələr şirin olur. “Neftçi” kimi komanda ilə oyunda geri dönüş etmək asan deyil. Ən böyük uğur sahibi oyunçulardır. Əsas istəyim komanda şəklində oynamaqdır. Bu gün bunu etməyə çalışdıq. Öndə pressinq edəndə arxada boşluqlar ola biləcəyini bilirdik. Səhvlər var, gələcəkdə onları təkrar etməməyə çalışacağıq"

Qurbanov geridönüşün onu sevindirdiyini bildirib:

"Bu cür geri dönüş baş məşqçini sevindirməyə bilməz. Futbolçular məşqlərdə dəridən-qabıqdan çıxmışdılar. Bu gün meydanda əziyyət çəkdilər. Bu səbəbdən çox sevindim. Bu qələbə bizim üçün uğur sayılır. Zaur Axundov hər zaman komandaya mükafat ayırır”.