Millimizin baş məşqçi postunda Canni de Byazini əvəzləməyə ən real namizəd olan Okan Burukun AFFA ilə apardığı danışıqların yeni-yeni təfərrüatları üzə çıxmaqdadır.

Offsideplus.az xəbər verir ki, İstanbulda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşən mütəxəssis müqavilənin müddəti ilə bağlı razılığa gəlib.

O, federasiya təmsilçisinin 2+2 illik kontrakt təklifini qəbul edib. Tərəflərin anlaşmasına əsasən, gənc çalışdırıcı yığmamızı UEFA Millətlər Liqası və Avro-2024-ün seçmə mərhələsinə hazırlayacaq.

Sonrakı 2 ili əhatə edən sözləşmənin avtomatik qüvvəyə minməsi yalnız nəticələrdən asılı olmayacaq.

Millinin durumu AFFA-nı qane eləyərsə belə, əgər Buruk qalmaq istəməsə, müqaviləni birtərəfli qaydada pozmaq hüququna sahibdir.

Tanınmış məşqçi federasiya rəhbərliyi ilə söhbətində onu da açıqlayıb ki, 2 yeni təklif alıb. Ona Super Liqada çıxış edən klublardan dəvət gəlib.

"Qalatasaray"ın əfsanəsi bildirib ki, ölkəsində işləmək perspektivi yaransa da, o, fəaliyyətini Azərbaycanda davam etdirmək fikrindədir və bu üzdən Super Liqadan gələn çağırışları geri çevirib.

«Başakşehir»in sabiq baş məşqçisi yaxın günlərdə Bakıya gələcək. AFFA rəhbərliyinə yaxın mənbədən redaksiyamıza daxil olan informasiyaya görə, türkiyəli mütəxəssisin ölkəmizə səfərinin məqsədi yığmamızın qarşıdakı oyunları ilə bağlıdır.

DÇ-2022-nin seçmə mərhələsini başa vurmaq üzrə olan Azərbaycan millisi Lüksemburqla noyabrın 11-də, Qətərlə isə noyabrın 14-də qarşılaşacaq.

Buruk komandamızın sükanı arxasına keçməyə ən real namizəddir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov günlər öncə onunla bir araya gəlib.

 

Mənbə: sportinfo.az