"Ancaq yaxşı nəticə gözləyirik. Necə ki, səfərdə İrlandiyaya qarşı yaxşı futbol sərgiləyib xal qazandıq, Bakıda bundan da artığı üçün çalışmalıyıq".

Bu sözləri Offsideplus.az-a millimizin sabiq üzvü Vaqif Cavadov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yığma komandamızın İrlandiyaya qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

Cavadov millimizin bu matçda 3 xal qazanmalı olduğunu bildirib:

"Pis oynasaq belə, əsas odur ki, nəticə, xallar qazanaq. Hazırda bizə nə lazım olduğunu bilirik. Ona görə də, fərqi yoxdur ki, yaxşı çıxış etdik, ya pis. Bu görüşdə 3 xal qazanmaq bizim üçün çox vacibdir".

O, yığmamızın baş məşqçisi Canni de Byazinin bu oyunda arzulanan nəticəni qazanmayacağı təqdirdə postunda qalıb-qalmamasıyla bağlı məsələyə də fikrini bildirdi:

"Buna AFFA rəhbərliyi qərar verir ki, qalmalıdır ya yox? Biz sadəcə oyunu izləyib, analizlər edə bilərik. De Byazinin millidəki gələcəyi isə federasiya rəhbərliyindən asılı olan məsələdir".

Xatırladaq ki, Azərbaycan - İrlandiya matçı oktyabrın 9-da keçiriləcək. İlk oyunda millimiz irlandlarla 1:1 hesablı bərabərliyə razılaşıb.

Cavid Əliyev