"Fərqli hazırlaşmışdıq. Qırmızıdan sonra hər şey daha fərqli oldu. İstər-istəməz müdafiəyə üstünlük verməli olduq. Standart vəziyyətdən qol buraxdıq. Məyusuq ki, ardıcıl 3 oyunda uduzduq. Üzərimizdə gərginlik var idi. Bunu atmağa çalışırıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Zirə"yə 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qırmızı vərəqəyə görə Abanqı nə dərəcədə qınayırsınız? Komanda ümumilikdə qırmızı vərəqə çox alır. Ötən tur Şəhriyar, indi Abanq...

- Şəhriyarda vəziyyət fərqli idi. Orda hakim səhvi var idi. Abanq ən ağır şəkildə cəzalanacaq. Özü də cəriməni ödəyəcək. Əvəzedici heyətə göndərəcəyik. Mən belə şeyləri asan bağışlamıram.

- Müdafiədə illərdi eyni futbolçudur. Bəlkə komandanın əsas problem budur?

- Doğrudur. Çalışırıq ki, komanda olaraq müdafiə olaq. "Sumqayıt"la oyunda da fərdi səhvlər etdilər. Büdcəyə uyğun hərəkət etdik. Bəyəndiyimiz futbolçular gəlmədilər. Sonda əlimizdəki futbolçuları saxladıq.

- Heyət baxımından ən genişlər siyahısındasınız. 4-5 zəif futbolçu yerinə, 1 normal futbolçu transfer etmək olmazdı?

- Ən az legioner olan komanda bizik. Əlimizdəki futbolçuları daim istifadə etmək istəyirik. Ola bilər ki, oyunumuz alınmır. Bunu həll etməliyik.

- Abanqın epizodu sizin üçün dejavü yaşatmadı?

 Əlbəttə adam fərqli hiss edir. Bizdə nizam-intizam var. Mən belə şeyi qəbul edə bilmərəm. Bəzən özümü də cəzalandırmaq istəyirəm ki, harda səhv etmişəm? Bizdə nizam-intizam düzgün olmalıdır.

- "Keşlə"nin problemi limit deyil ki?

- Çox az sayda bura uyğun oyunçularımız var. Digər futbolçularımız əvəzedicilərimizdi. Azərdə zədə və psixoloji problemlər var idi. Həmin movqedə Elçin oynadı. Pis də çıxış etmədi. Ona güvənmək lazımdı.

- Rəhbərliklə görüşəcəksəniz? Onlara vəziyyəti necə izah edəcəksiniz?

- Oyun baxımından razı qaldılar Qırmızı epizodu onları da əsəbiləşdirdi. Çətin məqamdı və buna dözmək lazımdır. Sona kimi mübarizə aparacağıq. Futbol həyatımızın ən önəmli yeri olsa, bu durumdan çıxacağıq. Futbolçular şəxsi həyatındakı vəziyyəti kənara qoyub, futbola köklənməlidilər.