21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Avstriya – Azərbaycan oyunundan sonra (6:0) ilə bağlı millimizin baş məşqçisi Milan Obradoviç qarşılaşmanı dəyərləndirib: 

Offsideplus.az xəbər verir ki, serb çalışdırıcı məğlubiyyəti belə şərh edib: 

"Bizim üçün uğursuz gün oldu. Oyuna itkilərlə çıxmaq məcburiyyətində qaldıq. Çünki Rauf Hüseynli fiziki cəhətdən hazır olmadığı üçün heyətə salmadım. Həmçinin Mert Çelik də məşqdə zədələndiyi üçün ilk hissənin əvvəlində əvəzləməyə məcbur olduq. Bundan başqa, Rüfət Əhmədovu da səfərə gətirməmişdik. Nəticədə, üç yeni oyunçu ilə meydana çıxmağa məcbur olduq. Oyuna gəlincə, rəqibin ilk üç qoluna şərh verməkdə çətinlik çəkirəm. Çünki uşaq səhvləri ilə Avstriya millisinin fərqlənməsinə şərait yaratdıq. Belə demək mümkünsə, həm Xorvatiya, həm də Avstriya millisi kiçik səhvlərimizə görə bizi cəzalandırdılar.

İkinci hissədə pressinq etdik, topa nəzarət bərabər olsa da, futbolçuların sona qədər mübarizə aparmaq gücləri qalmadı. Nəticədə, rəqibə daha üç qol hədiyyə etdik.
Buna baxmayaraq, uşaqlara inanıram. Onlar bacardıqlarını etdilər. Bu iki qarşılaşmadakı məğlubiyyətlər futbolçuları ruhdan salmamalıdır".