DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilməli olan Qvineya - Mərakeş matçı təxirə salınıb. 

Offsideplus.az xəbər verir ki, buna səbəb Qvineyada ötən gün baş vermiş hərbi çevrilişdir. Mərakeş millisinin futbolçuları hadisə yerindən uzaqda yerləşən otele yerləşdirilib və gecə saatlarında xüsusi təyyarə ilə evakuasiya olunublar. 

Sentyabrın 5-də qiyamçılar tərəfindən ölkə prezidenti Alf Konde həbs olunub, hərbçilər ölkədə nəzarəti ələ keçiriblər və komendant saatı tətbiq ediblər. 

Qeyd edək ki, Qvineya millisinin heyətində "Neftçi"nin futbolçusu Mamadu Kane çıxış edir. Onun adı görüşün iştirak ərizəsində olub. Futbolçunun nə vaxt Azərbaycana qayıda biləcəyi ilə bağlı suala aydınlıq gətirmək üçün "Neftçi" ilə əlaqə saxladıq. Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevin saytımıza verdiyi məlumata əsasən, futbolçu hazırda təhkükəsiz yerdədir və ölkədən çıxmaq üçün yerli futbol federasiyasının qərarını gözləyir. 

Məlumata görə, futbolçunun yaxın günlərdə "Neftçi"nin düşərgəsinə qayıtması gözlənilir.