"Yeni mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Futbolçuların Premyer Liqamız üçün darıxdığı meydanda görünürdü. Bizim üçün ağır oyun oldu. Bu həftə kollektivə yeni oyunçular cəlb olundu. Bütün bunların fonunda xarakter göstərməyə ehtiyac vardı. Oyunçularımıza təşəkkür edirəm. Verilən tapşırıqları yerinə yetirdilər. Növbəti turda rəqibimiz "Qarabağ"dır. Bu oyuna hazırlaşacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev Premyer Liqamızda 2021/22-ci illər mövsümünün ilk turu çərçivəsində "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis klub rəhbərliyinin onlara mükafat verib-verməyəcəyi ilə bağlı suala belə cavab verib: "Bu il futbolçuların qiymətləndirilməsi çox vacibdir. Soyunub-geyinmə otağında rəhbərliyimiz bu oyunun dəyərləndiriləcəyinə söz verib".