"Neftçi"nin Sloveniyada "Domjale" ilə yoldaşlıq matçında zədələnən Sabir Buqrinin yoxluğu "ağ-qaralar" üçün ciddi itki sayıla bilər.

Çempionluqda müstəsna xidmətləri olan belçikalı yarımmüdafiəçi komandasının aparıcı simalarından hesab olunur.

Sabirin Tbilisi "Dinamo"su ilə səfər matçında meydana çıxmaması baş məşqçi Samir Abasovun planlarına xüsusi mənada təsir edə bilər. Çünki "açar oyunçu" sayılır və belə futbolçuların yeri istər-istəməz görünür.

Buqrinin son durumunu öyrənmək, Gürcüstandakı oyuna qədər hazır olub-olmayacağını bilmək üçün klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevi aradıq. Klub sözçüsü Offsideplus.az Sabirlə bağlı bunları dedi: "Sabir Buqrin dünəndən fərdi məşqlərə başlayıb. Hələ ki, yüngül qaçış və dartınma hərəkətləri ilə məşğul olur. Bu gün həkimlərin nəzarəti altında topla yüngül hərəkətlər edəcək. Şükürlər olsun, hazırkı durumu gözlədiyimizdən çox-çox yaxşıdır. Həkimlər Sabirin "Dinamo" ilə oyuna qədər tam hazır olması üçün əllərindən gələni edirlər".

Qeyd edək ki, "Neftçi"ylə "Dinamo" arasındakı ilk oyun iyulun 7-də Tbilisidə, ayın 14-də Bakıda keçiriləcək.