"Neftçi" Çempionlar Liqasına hazırlıqlarını davam etdirir.

Qızıl medal qazanan futbolçular iyunun 8-dən "Türk Hava Yolları" təlim-məşq bazasında baş məşqçi Samir Abasovun rəhbərliyi altında çalışır. Hazırlığın ilk mərhələsində əsasən fiziki çalışmalar nəzərdə tutulub.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" heç də tam tərkibdə hazırlaşmır. Buna səbəb bir neçə futbolçunun çemionat başa çatan kimi millilərin düşərgəsinə qoşulmasıdır. Yığmaların təlim-məşq toplanışlarında iştirak edən futbolçulara əlavə istirahət imkanı yaradılıb. 

Belə ki, Azərbaycan seçməsinə çağrılan Emin Mahmudovla Namiq Ələsgərov, həmçinin Qvineya millisinin sıralarında olan Mamadu Kane komandaya birbaşa Sloveniyada qoşulacaq.  Samir Abasov adları çəkilən futbolçulara əlavə bir həftə dincəlmək imkanı yaradıb.

Adları çəkilənlərdən başqa "Neftçi"ylə yeni müqavilə bağlayacağı gözlənilən Voislav Stankoviç, komandadakı gələcəyi qeyri-müəyyən olan Stiven Jozef-Monrozla Tallison Diaz da hələ ki, Bakıya gəlməyib. 

Qeyd edək ki, "Neftçi" iyunun 15-i günorta saatlarında Sloveniyaya yola düşəcək.