“Çətin mövsüm keçirdik. Futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu".

Offsideplus.az xəbər verir ki, bu sözləri millimizin üzvü Namik Ələsgərov sabah Kişinyovda Moldova yığması ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib:

"Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk. Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdür, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdır. Türkiyə güclü rəqibdir, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq. Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündür sabahkı oyunu analiz edirik. Mənə inanıb şans verdiyinə görə baş məşqçiyə təşəkkür edirəm”.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.