Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla sabahkı yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransına qatılıb.

 Offsideplus.az xəbər verir ki, 68 yaşlı mütəxəssis maraqlı açıqlamaları ilə diqqətləri çəkib.

“Hazırda zədə və digər səbəblərdən bizimlə birlikdə olmayanlar var. İyunun 1-də yekun heyəti açıqladıqdan sonra 26 futbolçu ilə hazırlaşa biləcəyik. 4 oyunçunun heyətdən kənarda qalması məyusedicidir. Oyunçular özlərini göstərmək üçün həyəcanlıdırlar. Bu, xoşuma gəlir. 30 futbolçu eyni şeyi düşünür. Bu önəmlidir. Onları bir ürək kimi görürəm".

O, Azərbaycanla belə bir matçın keçirilməsinin vacibliyini vurğulayıb:

"Azərbaycanla qarşılaşacağıq. Onlara "xoş gəldiniz" deyirəm. Biz tək millət, iki dövlətik. Azərbaycanla oyun mütləq keçirilməli idi. Əslində keçən il onlarla oynamalı idik. Həmin vaxt alınmadı. Amma verdiyimiz söz var idi. Azərbaycan millisini yaxından tanımıram. “Qarabağ” komandasının oyunlarını izləmişəm.  “Neftçi” bu mövsümün çempionu oldu. Oynayacağımız komandanın oyunçuların çoxu yerli çempionatda çıxış edən futbolçulardır. Onlar da yaxından tanımaq istəyirik. Müdafiə olan komandalar çətinlik yaradır. Azərbaycan çətinliklə uduzan, yaxşı müdafiə olunan komandadır. Asan oyun olmayacaq. Əlimizdən gələnin ən yaxşı edərək gözəl qalibiyyət əldə etmək istəyirik".