Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Səbail" oyununda insident baş verib.
Offsideplus.az xəbər verir ki, referi Rauf Cabbarov matçın 42-ci dəqiqəsində hakimlərin qərarlarına narazılığını bildirən "Səbail"in baş məşqçisi Samir Əliyevi texniki zonadan uzaqlaşdırıb. Lakin 39 yaşlı mütəxəssis baş hakimin göstərişinə əməl etməyərək, məşqçi skamiyasına dönüb.
Yan xətt hakimindən narazı qalan baş məşqçi ona təhqiramiz sözlər işlədib.
İnsident zamanı "Səbail"in kapitanı Eltun Yaqublu ilə bağlı da xoşagəlməz hal baş verib. Referi sarı vərəqə göstərmək üçün yanına çağırmağına rəğmən, gəlməyən futbolçunun ayağına getməli olub.
Qeyd edək ki, "Neftçi" 2:0 hesabı ilə öndədir.(sportnet.az)