Mayın 19-da Azərbaycan Premyer Liqasının qalibinin adına aydınlıq gələcək.

"Neftçi" - "Qarabağ" qarşılaşmasının qalibi 2020/21 mövsümünün çempionu olacaq.

Təbii ki, indiki halda ən çox narahatlıq keçirən hər iki komandanın sadiq azarkeşləridir. Matça 2 gün qalmış onlarında özlərinə görə planları, sürprizləri var.

Məsələni diqqət mərkəzində saxladığından, gərgin oyundan əvvəl "İmarət"in üzvü Elvin Əsədovun fikirləri ilə tanış olduq. Əsədov planlarla bağlı Offsideplus.az-a bunları dedi: "Bir neçə gün əvvəl istək və planlarımız başqa idi. Düşünürdük ki, AFFA və PFL karantin qaydalarına əməl etmək şərti ilə azarkeşlərin stadiona buraxılmasına icazə verər. Hətta bununla bağlı hər iki quruma həm rəsmi, həm də sosial şəbəkələr üzərindən müraciət etmişdik. Lakin aldığımız cavab ürəkaçan olmadı. Halbuki AVRO-2020-nin Bakıdakı oyunlarına azarkeşlər buraxılacaq. Yolaverdi cavabla tribunalara buraxılmağımıza icazə verilmədi. İndiyə qədər azarkeşləri düşünən olmayıb, bundan sonra da olmayacaq. Söhbət adıçəkilən qurumlardan gedir. 

O ki qaldı oyunu necə izləyəcəyimizə, bildiyiniz kimi, koronavirus qadağalarına görə 300-500 nəfər bir araya gələ bilməyəcəyik. Hətta deyərdim ki, Bakıda bu qədər azarkeşin toplaşıb, televizorda futbola baxa biləcəyi münasib yer də yoxdur. Ona görə də qruplara bölünüb, müxtəlif məkanlarda baxacağıq. 

Çempionluq qutlamasına gəlincə, bu dəqiqə şəhər küçələrində atəşfəşanlıq, yaxud yürüş etmək kimi fikrimiz yoxdur. Hazırda yeganə istəyimiz və planımız "Qarabağ"ın çempionluq kubokunu "İmarət"ə aparmaqdır. Belədə şəhidlərimizin də ruhu şad olar. İnşallah, komandamız çempion olsun, karantin qaydaları da yumşalsın, rəhbərlik və komanda üzvləri ilə birlikdə kuboku "İmarət"ə aparıb, bayramı orda qeyd edərik".