AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanmış müzakirələrdən sonra Birinci Divizion təmsilçiləri haqda qərar verdi.

Məlum oldu ki, “Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK və “Zaqatala” FK lisenziya tələblərinin öhdəsindən gələ bilmədikləri üçün bu klubların növbəti mövsümdə Premyer Liqada iştirakı mümkün deyil.

Səbəb məlumdur: pulsuzluq. Futbol dili ilə desək, sponsorsuzluq. Klublar AFFA-ya bank təminatı təqdim edə bilmədikləri üçün kənarda qalmağa məhkumdur. İllərdir bu cür davam edən vəziyyət düzələnə oxşamır. Nə aşağı dəstədən elitaya komanda yüksəlir, nə də Premyer Liqadan “aşağı” düşən olur.

Maraqlıdır, Premyer Liqada iştirak etmək müraciəti qəbul olunmayan klubların rəhbərləri məlum qərarla bağlı nə düşünür? Onların düşüncəsi nədir? Qərardan apellyasiya şikayəti etmək fikirləri varmı?

Məsələ ilə bağlı "Zaqatala"nın İdarə Heyətinin sədri Musa Qurbanovla əlaqə saxladıq. Klub rəhbəri Offsideplus.az-a açıqlamasında  şikayət etməyə gərək duymadıqlarını bildirdi: "Premyer Liqa ilə bağlı müraciət etmişdik. Lakin AFFA-nın Lisenziya Komissiyasından mənfi cavab aldıq. Bu da başadüşüləndir. Elitada çıxış etmək üçün bank təminatı lazımdır ki, o da yoxdur. Klubun sponsoru olmalıdır. Təəssüf ki, cəhdlərimizə baxmayaraq, kluba pul xərcləyəcək adam və şirkət tapa bilmirik. Zaqatalanın özündə klub saxlamağa imkanı çatan şəxs(lər) yoxdur. Rayonun imkanlıları Rusiyadadır, onlar da futbola pul xərcləməkdə maraqlı deyil. Yəni bu gün edə biləcəyimiz bir şey yoxdur. Özüm də rəhbər kimi məşqçi və futbolçuların qarşısında pis vəziyyətdə qalıram. Bu qədər əziyyət çəkirlər, yer tuturlar, sonda yenə Birinci Divizionda mübarizə aparırlar.

Apellyasiya şikayəti? Kluba maliyyə ayıran AFFA-dır. Şikayətlərə baxan da AFFA. Kimdən kimə şikayət edək? Bəlkə də imkan olsaydı, nəsə edərdilər. Görünür, koronavirusun yaratdığı çətinliklər sıxıntı yaradıb. Çünki daha öncə növbəti mövsümdə elitada 10 komandanın iştirak edəcəyi deyilirdi. Bir də ki, başqa klubları Premyer Liqaya buraxıb, "Zaqatala"ya şərait yaradılmasaydı, nəsə danışmaq olardı. Gördüyünüz kimi, bizimlə yanaşı "Kəpəz"lə "Turan Tovuz" da kənarda qaldı".