Azərbaycan Premyer Liqası həlledici mərhələyə qədəm qoyub.

İki komanda - "Qarabağ"la "Neftçi" çempionluq uğrunda amansız mübarizə aparırsa, "Sumqayıt"la "Zirə" bürünc medalların hayındadır. Digər 4 kollektiv isə sonuncu olmamaq üçün "döyüşür".

Çempionatın bu cür həssas dönəmində oyunların eyni tarixdə və eyni saatda başlaması olduqca vacib məqamdır. "Neftçi"nin bu gün, "Qarabağ"ın ertəsi (və ya əksinə) meydana çıxması, sumqayıtlılarla zirəlilərin də fərqli günlərdə oynaması ortaya müəyyən problemlər çıxara, gözləmədiyimiz problemlər yarada bilər. Daha doğrusu, dediyimiz kimi olmasa, sonda ciddi narazılıqlar baş qaldıracaq. Necə ki, artıq indidən 26-cı turun görüşlərinin mayın 8 və 9-na salınması söz-söhbətlərə səbəb olub.

Belədə, əsas yük Premyer Liqanın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurumun - Peşəkar Futbol Liqasının çiyinlərinə düşür. Məhz bu qurum "qatarın relsdən çıxmaması üçün" qərar qəbul etməlidir.

Məlum məsələ ilə bağlı PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasovla danışmağı lazım bildik: ""Peşəkar Futbol Liqası çempionat matçlarının yerini, tarixini və saatını təyin etmək üçün son sözə sahib olan qurumdur. Əsasnamədə də qeyd olunub ki, PFL idman prinsiplərini nəzərə alaraq turun oyunlarını eyni günə və saata təyin edə bilər. Odur ki, hələ mövsümün əvvəlində təqvim açıqlananda son 2 turun matçlarının eyni gündə keçirilməli olduğunu qeyd etmişdik. Əvvəlcə son 2 turun oyun günləri 15 və 22 may kimi nəzərdə tutulmuşdu. Sonradan 14 və 19 may olaraq dəyişdirildi.

Fikrimizcə, son 2 tur həlledici olacaq. Ona görə də qarşılaşmalar eyni gündə keçiriləcək. Hazırda matçların eyni saatda başlaması da müzakirə olunur. Çox güman, matçların eyni saatda başlaması ilə bağlı problem olmayacaq".

Deyək ki, matçlar eyni gündə, eyni saatda start götürdü. Belə olacağı təqdirdə oyunların yayım məsələsində çətinlik yaranacaq. Çünki "CBC Sport" ən yaxşı halda 2 görüşü paralel ekrana daşıya bilər. Bəs digərləri? Elgiz bəy narahatlığa ehtiyac görmür: "Təqvim və saat məsələsindən danışanda, təbii ki, teleyayım da vacib amil sayılır. Bunu da nəzərə almışıq. İnanmıram ki, hansısa çətinlik olsun. Bildiyiniz kimi, artıq neçə vaxtdır PFL-in "yutub" kanalında və rəsmi saytında həm Premyer Liqanın, həm də Birinci Divizionun qarşılaşmaları canlı yayımla təqdim olunur. Peşəkar kollektivlə oyunları bir yox, bir neçə kamera vasitəsi ilə yüksək keyfiyyətdə təqdim etməyə çalışırıq. Bu barədə "CBC Sport"la danışığımız olub. Plana əsasən futbolsevərlər 2 oyunu "CBC Sport", digər 2 görüşü isə PFL-in "yutub" kanalında birbaşa yayımla izləyə biləcəklər".