Azərbaycan Premyer Liqasının 25-ci turunda “Keşlə” doğma meydanda “Neftçi”yə 0:3 hesabıyla uduzub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov matç barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

-    Sıx qrafikdə oynayırıq. Oyunçu dəyişmək şansımız da azdı. Bu da özünü meydanda göstərdi. 120 dəqiqəlik kubok matçından sonra bərpa olunmağa çalışdıq. Vaxt çox az idi. Rəqibin də usta fubolçuları öz sözünü dedi. Futbolçular meydanda əziyyət çəkdi. Belə hesabla uduzmağımız bizi üzür. Oyunu təhlil edəcəyik. Müdafiə və hücumdakı səhvləri aradan qaldırmağa çalışacağıq. Qol fürsətlərimiz oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib imkanlardan yararlandı, biz isə yox.

-    İlk yarıdan sonra əvəzlənən Silvio Rodrigez birbaşa otelə yollandı...
-    Futbolçular sıx qrafikdə oynayır. Oteldə bərpa üçün buz vannamız var. Əvəzlənən oyunçu ora getməli idi. Bərpaya tez başlamaq üçün ora getdi. Bu, bizim tapşırığımız idi.

-    Matçın axırında çox əsəbi idiz. Kiməsə “otur aşağı, ortadan oyunçu çıxarır?” dediz. Kiminlə belə danışırdız?
-    Futbolda belə şeylər olur. Köməkçilərim mənim üçün çox dəyərlidilər. Kimə dediyim yadımda deyil. Əl-ələ verib çalışırıq. Hirsli vaxtımızda da bir-birimizin yanındayıq.

-    Anatole Abanq bir hücumçu kimi etimadınızı doğruldur?
-    Hücumçu fəaliyyətini qolla tamamlamalıdı. Meydanda işlər görür, ancaq son nöqtəni qoya bilmir. Biz də onun yerinə üzülürük. Hücumçu gərək qol vursun. Bu, pozitivlik üçün vacibdi. Təəssüf ki, bu gün də fərqlənə bilmədi.

-    Sanki Tounkara meydana çıxandan dərhal sonra yoruldu...
-    Sözün düzü, onun meydana çıxması planda yox idi. Sadəcə, oyun istədiyimiz kimi getmədiyi üçün belə addım atdıq. Onu məcburən meydana buraxdıq.

-    Yarımmüdafiə xəttiniz çox passiv görünürdü. Sanki müdafiə və hücum arasında boşluq var idi...
-    “Neftçi”ni təhlil etmişdik. Orta xətt oyunçularımıza çox yük düşməli idi. Təəssüf ki, istəmədiyimiz boşluqlar buraxdıq. Buna əsəbləşmişdik. Bəzən hər şey planlaşdırdığın kimi olmur. Bu səhvlərin mənfi təsir etməməsinə çalışacağıq. Pozitivliyimizi qoruyuruq.