"Səbail" - "Qarabağ" matçının (1:1) 26-cı dəqiqəsində yaşanan olay bir növ oyunun qalan hissəsini unutdurdu.

Son vaxtlar formada olan, haqqında çox danışılan Şahruddin Məhəmmədəliyevin başının Amil Yunanovun ayağına tuş gəlməsi yerinə düşməsə də, futbolda tez-tez gördüyümüz hallardandır. 

Elə həmin gün axşam əməliyyat masasına uzadılan qapıçının başına 25 tikiş atıldı, 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum oldu. 

Offsideplus.az xəbər verir ki, toqquşma hadisəsinin digər iştirakçısı Amil Yunanov matç gününün axşamı Məhəmmədəliyevə zəng vurub. "Səbail"in hücumçusu olayla bağlı saytımıza verdiyi açıqlamada bunları dedi: "Adi futbol epizodu idi. Hər ikimiz top uğrunda mübarizə aparırdıq, anidən baş verdi. Özüm də pis oldum, belə olmasını istəməzdim. Eşitdiyimə görə, 2-3 həftə oynaya bilməyəcək. Bir futbolçu kimi mənə də təsir edir. Allahın köməkliyi ilə ən qısa zamanda yenidən "Qarabağ"ın sıralarında görünər. Həm milli, həm də "Qarabağ" üçün vacib futbolçudur.

Oyun vaxtı, oyundan sonra özüm də pis olmuşdum, açığı, Elə həmin gün axşam zəng vurdum, danışdıq. Vəziyyəti ilə maraqlandım, bilə-bilə etmədiyimi dedim. Özü də məni başa düşdü, anlayışla qarşıladığını söylədi. Yenə deyirəm, inşallah, ən qısa zamanda məşqlərə başlayıb, oyunlarda görünər".

Qeyd edək ki, Amillə Şahruddin martda millinin toplanışı zamanı komanda yoldaşı olublar.