"Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 23-cü turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı çalışdırıcı matçla bağlı bunları deyib:

"Ağır oyun oldu. Xal qazanacağımıza inanırdıq. Son matçlarda əzmkarlıqla seçilirdik. İlk hissədə hesabda önə keçdik, amma qol buraxdıq. Bu gün qızıl xal qazandıq. Hər xal bizim üçün çox önəmlidir. "Qarabağ"la görüşdə iki 90 dəqiqənin gücünü sərf etdik".

O, Ruslan Hacıyevin məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilmədiyi üçün meydanda olmadığını deyib. Mütəxəssis qapıçı Kamran Ağayevin məşq zamanı ayağından zədə aldığını və müalicəsinin davam etdiyini sözlərinə əlavə edib:

"Klubun gələcək planları ilə bağlı görüş olmayıb. Hazırda çempionatı başa vurmağı hədəfləyirik. Biz də klubun növbəti illə bağlı gələcəyini bilmirik. Bəlkə də, yaxın günlərdə rəhbərliklə görüş baş tutacaq. Pandemiya ən çox "Səbail"ə təsir edib. Premyer Liqa tarixində bu büdcə ilə çıxış edən komanda olmayıb. Ümid edirəm ki, gələcəkdə daha yaxşı büdcə ilə "Səbail" görəcəyik. Belə komanda düzəltmək əziyyət tələb edir. İnanırıq ki, bu komanda yaşayacaq. İki ay maaş almayan oyunçuları matça kökləmək çətindir. Cibi boş bir az çətin olur (gülür). Bəlkə də, biz bundan da çətin anlar yaşamışıq. Təcrübəli oyunçular çoxdur və durumu başa düşürlər. Gənc futbolçuların potensiallarını üzə çıxarmağa çalışırıq. Onu inandırmaq istəyirik ki, həqiqətən, yaxşı oyunçu ola bilər. Qalan matçlarda, bəlkə də, qiymətlərini qaldıracaqlar. Premyer Liqada hər oyun vacibdir. Meydana çıxırsa, deməli, nəsə qazanır. Bizim vaxtımızda da çətin illər olub. İnam bu il də var ki, futbolumuzun imkanı üst səviyyələrə qalxacaq".