"Neftçi" cari mövsümün sonunda qapıçısı Kamran İbrahimovu icarəyə göndərə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş baş məşqçisi Samir Abasov klubun televiziyasına danışıb.

Bununla belə, Abasov 22 yaşlı qolkiperə güvəndiklərini bildirib: "Onun haqqında da fikirləşirik. Komanda sayı çox olsa, icarə məsələsi gündəmə gələ bilər. Yaxud da yayda toplanış üçün vaxtımız olsa, Kamrana daha çox şans vermək, güvənmək istəyirik".

43 yaşlı mütəxəssis "Qarabağ"da ehtiyatda qalan Emil Balayevin flaqmana mümkün keçidi məsələsinə də toxunub: "Azərbaycanda Kamran Ağayevdən sonra bizim qapıçıların zaman-zaman parlayan vaxtları oldu. Xatırlayırsınızsa, bu, Səlahət Ağayevdə və Emil Balayevdə də baş verdi. Əfsuslar olsun ki, balansı saxlaya bilmədilər. Emil 1 ilə yaxındır Ağdam klubunda əsas heyətdə oynaya bilmir. Amma bacarığı, keyfiyyəti haqqında xoş sözlər demək olar. Millimizin də qapıçısı olub. Bu gün neçə qolkiperimiz var ki, onların arasında seçim də edək? Sayları həddindən artıq azdır".