Dünən "Neftçi"nin sabiq futbolçusu, İsgəndər Cavadovun qardaşı, Vaqif Cavadovun atası Füzuli Cavadov dünyasını dəyişdi.

Əslində, buna görə Azərbaycan Premyer Liqasının dünənə  təsadüf edən 22-ci turunun son iki matçından öncə 1 dəqiqəlik sükut elan olunacağını gözləyirdik. Gözləsək də, olmadı.

Məsələyə dünən toxunsaq da, çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarının istirahət günü olduğundan, sualımıza cavab tapa bilməmişdik. Bu gün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayıb yaranmış vəziyyətə açıqlama verməsini xahiş etdik.

Aslan bəyin offsideplus.az-a dedikləri bunlar oldu: "Bildiyiniz kimi, PFL-in prezidenti Ramin Musayev bir müddət öncə açıq ürək əməliyyatı keçirmişdi. Dünən təkrar müayinədən keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollandı. Rəhbərliklə əlaqə saxlamaq mümkün olmadığından, dediyiniz məsələ ilə bağlı oyun günü planında dəyişiklik edə bilmədik. Allah Füzuli Cavadova rəhmət eləsin! Yaxınlarına, keçmiş futbolçu, millimizin sabiq üzvü oğlu Vaqif Cavadova səbr versin!"

Qeyd edək ki, Füzuli Cavadov dünən 71 yaşında vəfat edib.