DÇ-2022-nin seçmə mərhələsində İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan oyunu öncəsi yığmamızın üzvləri AFFA-nın saytına açıqlama veriblər.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçilər Azər Salahlı, Bəhul Mustafazadə, yarımmüdafiəçilər Vüqar Mustafayev və Namik Ələskərov sabahkı görüş haqda danışıblar:

Azər Salahlı: “Meydanda əzmlə, istəklə mübarizə aparmalıyıq. Hər bir futbolçu bir nəfər kimi mübarizə aparsa, heç-heçəyə nail ola bilərik. Həyatda mümkünsüz heç nə yoxdur. Rəqibi yaxşı araşdırmışıq. İnanıram ki, bunun bəhrəsini görəcəyik. Portuqaliyanın heyətində dünya səviyyəli futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün meydana çıxırlar. Mən düşünmürəm ki, bizimlə oyuna qeyri-ciddi yanaşsınlar. Onlara qarşı bir saniyə belə boş dayanmaq olmaz. Son ana qədər mübarizə aparmaq lazımdır. Əgər uğur qazanmaq istəyiriksə, daha istəkli olmalıyıq, daha çox qaçmalıyıq”.

Vüqar Mustafayev: “Seçmə mərhələnin ilk oyunudur. Bizim üçün yaxşı bir başlanğıc olacağına ümid edirəm. Portuqaliyanın gücü, futbolçuların bacarığı hamıya bəllidir. Onlara qarşı yaxşı mübarizə aparmaq üçün əzmkarlıq nümayiş etdirməliyik. Futbolda hər nəticə qeydə alına bilər. Qələbə də qazanmaq olar, heç-heçə də etmək olar. Onlardan daha istəkli olsaq, daha çox mübarizə aparsaq, niyə yaxşı nəticə qazanmayaq? Bu cür güclü komandalarla oyunlarda qol vəziyyəti yaratmaq elə də asan deyil. Oyun ərzində yaratdığın imkanlardan maksimum istifadə etməlisən. Hesab edirəm ki, müdafiədə daha diqqətli oynmalıyıq. Rəqib oyunu daha çox irəlidə quracağından biz əks-hücumlarda nəyəsə ümid edə bilərik”.

Namik Ələskərov: “Portuqaliya futbol ölkəsidir. Heyətində top klubların formasını geyinən ulduz futbolçular var. Onlara qarşı oynamaq tək bizim üçün yox, bir çox komandalar üçün çətindir. Təqvimdən şikayətlənməyə əsasımız yoxdur. İstənilən halda, qrupumuzda yer alan bütün komandalara qarşı oynayacağıq. Bizi çox çətin oyun gözləyir. Komanda bir neçə gündür birlikdə hazırlıq keçir. Əlimizdən gələni edəcəyik ki, yaxşı mübarizə aparaq. Bizə dəstək olan, güvənən insanlar inansın ki, komanda olaraq yaxşı nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq”.

Bəhlul Mustafazadə: “Bir həftədir ki, təlim-məşq toplanışındayıq. Məşqçilərin verdiyi proqram əsasında hazırlıq keçmişik. Komanda olaraq məşqçinin bizdən nə istədiyini anladığımızı düşünürəm. Verilən tapşırıqları, tələb olunanları meydanda yerinə yetirməyə çalışacağıq. Rəqib haqda əlavə məlumata ehtiyac yoxdur. Demək olar ki, bütün futbolçularını yaxından tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Təlim-məşq toplanışında Portuqaliyanın oyunlarını detallı şəkildə, bizim bilmədiyimiz nüansları məşqçilərin vasitəsilə analiz etmişik. Sabah dünyanın ən yaxşı futbolçularına qarşı oynayacağıq. Hər bir futbolçu üçün çox məsuliyyətli oyundur. Baş məşqçi şans verəcəyi təqdirdə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Özümüzü sübut etmək baxımından bu oyun bizim üçün bir şansdır”.