DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya - Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuş və komandanın üzvü Ruben Dias fikirlərini bölüşüb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis millimizin əks-hücumlarda təhlükəli ola biləcəyini qeyd edib:

“Bütün oyunçularımızla çox yaxşı münasibətimiz var. Əlbəttə, sabahkı oyuna hazır olmaq istəyirik. Fərqli komandalardan oyunçularımız var. Ancaq hər şeydən əvvəl rəqibi çox yaxşı öyrənməliyik və oyun baxımından bizim üçün hansı çətinlik yarada biləcəyini görməliyik. Daha əvvəl Azərbaycan milli komandası ilə bir neçə dəfə qarşılaşmışıq. Bilirik ki, Azərbaycan əks-hücumlarda kifayət qədər təhlükəli ola bilər. Bu cəhətləri nəzərə almalıyıq. Dünya çempionu olmaq arzumuz var. Bu, həqiqətən bir xəyal deyil. Doğru ola biləcək bir şeydir. Dünya çempionu olmaq üçün mübarizə apara biləcəyimiz seçmə mərhələyə başlayırıq. Hədəflər təyin etməli və bu hədəflərə çatmalıyıq. İstənilən görüşdə qalib gələ bilərik. Bütün oyunçularım oyunların vacib olduğunu bilir. Bu seçmə mərhələdəki bütün qarşılaşmalara maksimum köklənməliyik. Futbolçular milli komandaları üçün bir araya gələndə əllərindən gələni etməlidirlər ki, biz bu görüşdə qalib gələk. Çünki hər qələbə bizi Dünya Kubokunun finalına bir qədər də yaxınlaşdıracaq. Qrupumuzda yer alan komandalarla oyunların hər birinə final qarşılaşması kimi yanaşmalıyıq. İlk oyunumuz Azərbaycan millisinə qarşıdır. Ancaq rəqibi zəif qiymətləndirməməliyik. Bacarıqlarımızı, zehni gücümüzü, texniki keyfiyyətlərimizi, fiziki hazırlığımızı istifadə etməliyik”.

Ruben Diaş da həmçinin fikirlərini bölüşüb:

 “Həmişə olduğu kimi, burada olmağımdan, Portuqaliyanı təmsil etməyimdən çox məmnunam. Milli komandada oynamaq imkanım var. Əlimdən gələni etmək və yaxşı nəticə qazanmaq üçün səbrsizlənirəm. Çox aydın oyun taktikamız var. Milli komandada fərqli rəqabət mövcuddur. Qarşıdakı hər oyuna ciddi yanaşmalıyıq. Hədəfimiz dəyişməz olaraq qalır. Əsas məqsəd mundiala yollanmaqdır. Ona görə hər bir oyun bizim üçün çox vacibdir. Ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq, ən yaxşı kartlarımızı istifadə edəcəyik. Bir neçə müddətdir birlikdə oynayırıq və oyunumuzu daha da yaxşılaşdırmaq və inkişaf etdirmək istəyirik. Kriştianoya gəlincə, o, dünyanın ən yaxşı oyunçularından biridir. Komandaya əsaslı töhfə verən bir oyunçudur. Ancaq biz yalnız Ronaldoya güvənməyəcəyik. Komanda şəklində oynayacağıq. Bütün oyunçuları inteqrasiya etməyə çalışırıq”.