Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanla oyun öncəsi mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssis matçın çətin keçəcəyini bildirib:

"Mən xəyallarla yaşamıram. Nəyisə arzu etmək önəmlidir, amma ən əsası inanmaqdır. Xəyal qura bilərik, sonra oyanırıq və hər şey böyük kabusa çevrilər. Sabahkı oyunda favorit olduğumuzu bilirik. Amma rəqibə hörmətlə yanaşmasaq və meydanda əlavə üstünlüyümüzdən istifadə etməsək, böyük problemlərimiz ola bilər. Qələbələr meydanda qazanılır".

Santuş Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı müdafiə olunacağını vurğulayıb: "Bizi ciddi müqavimət gözləyir. Bilirəm ki, müdafiədə etibarlı oynayıb, sürətli əks-hücumlara üstünlük verəcəklər. Həmçinin standart vəziyyətlər zamanı da diqqətli olmalıyıq".

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.