Bu gün "Neftçi"nin yeni transferi Keysuke Hondanın təqdimat mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, saat 17:00-da başlayan tədbir "Bakcell Arena"da baş tutub. Rəsmi müqaviləyə qol çəkən 35 yaşlı yarımmüdafiəçi "Neftçi"də "4" nömrəli formanı seçib. 

Tədbirdə iştirak edən "ağ-qaralar"ın prezidenti Kamran Quliyev Hondaya yeni klubunda uğurlar arzulayıb, onun çempionluq yarışında komandanın bir parçası olacağına inamını dilə gətirib:

"Asiyanın ən tanınmış futbolçularından biri sıralarımıza qoşuldu. Keysuke Honda cari mövsümün sonunadək komandamızın şərəfini qoruyacaq. Belə bir futbolçu həm “Neftçi”yə, həm də camiəmizə yaraşır. Honda dünən bizimlə birgə oyunumuzu izləyib. Keysuke, xoş gəlmisən, ayağın düşərli olsun!"

Fikirlərini bölüşən yarımmüdafiəçi "Neftçi"nin çempionluğu üçün əlindən gələni edəcəyini qeyd edib:

"Bu gözəl təqdimata görə çox sağolun. Burada olmağımdan çox xoşbəxtəm, Əlimdən gələni edəcəyəm ki, "Neftçi" çempion olsun. Düzdür, bu yol asan olmayacaq, çünki rəqiblərimiz olduqca güclüdür. "Neftçi" çempion olmaq istəyir, mən də iddialıyam. Ona görə bura gəldim".

Daha sonra Honda və klubun prezidenti jurnalistlərin suallarını cavablandırıb.

Yaponiyalı futbolçu Bakıya gəlmədən öncə izlədiyi yeni komandasının çıxışı barədə münasibət bildirib: "Mən gəlməmişdən əvvəl "Neftçi"nin iki oyuna baxmışam. Komanda müdafiədə yaxşı oynayır. Mən hücumameyilli oyunçuyam. Hücuma kömək etməyə çalışacağam. Komanda uzun müddətdir ki, çempion olmur. Bu il şansımız var. Əlimdən gələni edəcəyəm ki, çempion olaq".

Kamran Quliyev ulduz futbolçunun Azərbaycan yığmasına qarşı oynadığını xatırladıb: "Səhv etmirəmsə, 2012-ci ildə Yaponiya ilə yoldaşlıq görüşü keçirmişik. Həmin matça özüm də izləmişəm. Hondanın qol vurmaq şansı var idi. Lakin onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf etmişdi".

Screenshot 2021 03 15 174546

Honda "Neftçi"nin seçməyinin bəzi səbəblərinin olduğunu açıqlayıb: "Yanvarda başqa klubdan təklif almışdım. Amma mən Avropada oynamaq istəyirdim. "Neftçi" böyük klubdu. mənə bu imkanı verdikləri üçün təşəkkür edirəm. Mənə sual verdilər ki, niyə Yaponiyaya qayıtmırsan? Bildirdim ki, orada 3 il oynamışam, artıq mənə maraqlı deyil. Onlara söylədim ki, bu, mənim üçün yeni çağırışdı. Düzdür, karyeram ərzində çox səhvlər etmişəm. Amma burada onları təkrarlamayacağam".

Honda ötən gün "Neftçi"nin evdə "Səbail"ə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XX tur matçını izlədiyini və oyunun yaxşı alındığını söyləyib: "Səhv etmirəmsə, bu mövsüm heç bir komandaya 4 qolla qalib gəlməmişik. Müdafiəçilər də yaxşı oynadılar, qol buraxmadıq. Bu, müsbət məqamdır. Dünən çoxlu qol şansımız oldu və inamlı qələbə qazandıq. Hücum planında komandama kömək edə bilərəm".

"Neftçi"nin prezidenti açıqlayıb ki, çempionatın qalan 8 oyunu yaponiyalı futbolçu üçün də uğurlu alına bilər: "Ona görə Hondaya uğurlar olsun. Azərbaycana bu səviyyədə nə qədər çox futbolçu gəlsə, yaxşı olar. İnanmaq istəyirik ki, onun gəlişi bizə neçə ildir istədiyimiz çempionluğu qazanmağa kömək edəcək. Təbii ki, "Neftçi" ölkənin ən titullu klubudur. O da bilir ki, hara gəlir və kimin yanına gəlir. Bizim azarkeşlərin yanına gəlir. Bizə 8 oyunda kömək etsə, çempion olsaq, yayda yeni müqavilə barədə danışa bilərik".

Honda "4" nömrəli forma seçməsinin səbəbini açıqlayıb: "Yaponiya millisində də bu nömrə altında oynamışam. "4 nömrə" ilə daha çox qol vurmuşam, nəinki "10 nömrə"ylə. Bəziləriniz bu cavabıma gülə bilərsiniz. Bu cür suallarla mətbuat konfransı çox çətin keçir".

35 yaşlı futbolçu Kamboca millisini çalışdırmasıyla bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, həmin yığmanın baş məşqçisi yox, baş meneceridi: "Burada böyük bir layihə var. Orada yaxşı insanlar işləyir. Yığmaya vaxt ayırmaq mənim üçün problem olmayacaq. Təbii ki, mənim üçün ilk sırada klubum dayanır".

Keysuke Portuqaliyada qış "transfer pəncərə"si bağlı olduğundan "Portimonense"də oynaya bilmədiyini aydınlaşdıraraq, həmin ölkəyə qayıtmaq barədə düşünmədiyini sözlərinə əlavə edib: "Oyunumuzu düşünməliyik. Komandamız yaxşı nəticələr göstərsə, nəinki mən, digər oyunçulara da təkliflər gələcək".

Honda 8 ölkədə oynadığı üçün qürur duyduğunu da vurğulayıb. Təcrübəli yarımmüdafiəçi bildirib ki, bu, hələ son deyil: "İnanıram ki, karyeramda başqa ölkələr də olacaq".