"Qarabağ" İntizam Komitəsinin Uroş Matiçə görə kluba verdiyi 3000 manatlıq cərimə ilə razılaşmır.

Ağdamlıların cərimənin ləğvi ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanladığını bilirsiniz.

Offsideplus.az xəbər verir ki, İntizam Komitəsinin sədri Erkin Hüseynov "Qarabağ"ın şikayət məktubu haqda danışıb və doğru qərar qəbul etdiklərini deyib: "Sumqayıt" - "Qarabağ" matçının AFFA nümayəndəsi Eldəniz Musayevin təqdim etdiyi raportda qonaq komandanın futbolçusu Uroş Matiçin köynəyində adının Azərbaycan əlifbası ilə yazılmadığı barədə məlumat qeyd edilmişdi. Musayev həmin informasiyanı mətbuatdan götürüb. Formadakı hərf bizim əlifbaya aid olmadığı üçün geyim haqqında qaydalar kobud şəkildə pozulub.

Mətbuatda, oyuna çıxmadığı halda, klubun nəyə görə cərimələnməsi sualı ortaya çıxıb. Suala cavab olaraq bildirim ki, nümayəndənin verdiyi məlumat əsas götürülərək, komitə tərəfindən araşdırılma aparılıb və məlum olub ki, Matiç başqa oyunlarda da meydana bu forma ilə çıxıb. O, hakimlərin və nümayəndələrin gözündən yayınaraq, geyim qaydalarını kobud şəkildə pozub. "Qarabağ" isə bu faktla bağlı vaxtında heç bir tədbir görməyib. Buna oyun zamanı çəkilən fotolar da əyani sübutdur. Onun başqa şəkillərini də tapmışıq. Ona görə də klub cərimələnib".

Qeyd edək ki, Uroş Matiçin "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının XVI tur matçı (0:0) zamanı forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün "Qarabağ"a 3 000 manat cərimə kəsilib. (Report)