“İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu”.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis, AVRO-2022-nin seçmə mərhələsinin Moldova ilə Bakıdakı qarşılaşması barədə fikirlərini açıqlayıb. Əsgərov ardıcıl 7 məğlubiyyətdən sonra alınan 1:0 hesablı qələbəyə şərh verib: “Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi. Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik. Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq. Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.

Moldova yığmasının baş məşqçisi Eduard Blanuta da fikirlərini bölüşüb:

“Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.

Qeyd edək ki, 3 xal toplayan yığmamız tsikli sonuncu - 5-ci pillədə başa vurub.