Bu gün turun ən maraqlı qarşılaşması Sumqayıtda baş tutacaq.

Ötən həftəsonu liderliyi əldən verən "Qarabağ" sürpriz nəticələrə imzasını qoymağı sevən "Sumqayıt"ın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, görüşdən əvvəl ənənəvi itkilər Qurban Qurbanovu qayğılandırır. "Neftçi" ilə matçda "qırmızı" alan Kevin Medina meydana çıxmaqdan məhrumdur. Derbidə zədələnib meydanı vaxtından əvvəl tərk edən Ovusu Kvabena da ayağında ağrılar hiss etdiyi üçün oynamayacaq. Rahil Məmmədovun zədəyə görə görüşdə iştirak etməyəcəyi isə əvvəldən bəlli idi.

Xeyli vaxtdır zədəsini müalicə edən Filip Ozobiç artıq komanda ilə məşqlərə başlayıb. Lakin oyun təcrübəsi yetərli olmadığından, "11-lik"də görünəcəyi inandırıcı deyil. Elvin Cəfərquliyev də həmçinin. Lakin müdafiə xəttindəki itkiləri nəzərə alsaq, Elvin əsas heyətdə yer ala bilər. 

Rahillə Kevinin yoxluğundan Qurbanovun müdafiənin mərkəzində Bədavi-Maksim tandeminə şans verməsi ehtimalı yüksəkdir.