Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sumqayıt" evdə "Səbail"ə 1:2 hesabı ilə uduzub.

Oyundan sonra meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Offsideplus.az-a müsahibə verib. Həsənalızadə öncə oyun barədə danışıb:

- Yaxşı oynadıq. Epizodlarımızı dəyərləndirə bilmədik. Məğlubiyyətin də səbəbi məhz budur. Ancaq böyüdüləsi heç nə yoxdur. Hər şey qarşıdadır. İnşallah növbəti oyunlara köklənəcəyik.

- Nəticə ədalətli oldu?

- Deməzdim belə oldu. "Səbail"in 2-3 qol epizodu oldu ki, bunlar da qolla nəticələndi. Ancaq biz ən azı 6 qol epizodu yaxaladıq, lakin rəqibi bir dəfə mərkəzə dəvət etdik. Şanslarımızı dəyərləndirə bilsəydik, hesab başqa cür ola bilərdi.

- Bu tur əsas rəqibləriniz məğlub oldu. Həmin oyunların bu matça təsiri oldu?

- Bilirdik ki, udmaq lazımdır. Arxayınlıq yox idi. Epizodları qola çevirmək lazım idi. Oyunumuz pis alınmadı.

- Növbəti tur səfərdə "Kəpəz"lə qarşılaşacaqsız. Rəqibin artıq heç bir iddiası da qalmayıb. Gəncə komandası I Divizona düşüb. Bu matçda "Sumqayıt" qalib gələ bilər?

- Gəncə səfəri bütün komandalar üçün çətin olur. Çalışacağıq ki, qalib gələk. Fürsəti əldən vermək istəmirik. İnşallah, vermərik. Qələbələrin ardı gələcək və "Sumqayıt" avrokuboklara vəsiqə qazanacaq.