"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov evdə "Kəpəz"i 3:0 hesabı ilə məğllub etdikləri Azərbaycan Premyer Liqasının 25-ci tur oyunundan sonra müsahibə verib.

Offsideplus.az həmin müsahibəni sizə təqdim edir:

- Matçı necə dəyərləndirərdiniz?

 
- "Kəpəz"lə oyunlarımız həmişə gərgin alınıb, çətin keçib. Bu gün də belə olacağını gözləyirdik. Lakin yaxşı ki, uşaqlar istəkli oynadılar və birinci hissədə matçın müqəddəratını həll etdilər. Əvvəlki qarşılaşmalarda isə qələbə qazana bilmirdik. Bu da komandanın vəziyyətini gərginləşdirirdi. Artıq çempionat yekunlaşır. Qarşıda 3 tur qalıb. Bir də Azərbaycan kubokunda final matçımız var.

- Bu qələbə final oyunu üçün stimul yarada bildi?

- İndidən elə demək olmaz. Kubokla çempionat fərqli yarışlardır. Lakin belə oyunların əzmkar, istəkli alındığını görəndə final matçının maraqlı keçəcəyinə ümid yaranır. Amma demək olmaz ki, çempionatdakı qələbə kubokdakı oyun üçün stimul yaradır və ya əksinə. Finaladək hələ bir ay var.

- "Keşlə" ilə oyununuz "Qəbələ"də arxayınlıq yaratmayıb?

- Qətiyyən. Baş məşqçi Roman Qriqorçukla da, futbolçularla da bu barədə söhbətimiz olub. Birincisi, hələ oyunadək çox var. Digər tərəfdən, final matçı bir oyunluqdur. Burada istənilən komanda qalib gələ və ya məğlub ola bilər. Ona görə də bu görüşə hər iki komanda tam fərqli ruhda çıxacaq. Boşalmaq olmaz və arxayınlıqdan, eyforiyadan söhbət gedə bilməz.

- Belə söhbətlər gəzir ki, mövsümün sonunda "Qəbələ” Roman Qriqarçukla yollarını ayıracaq. Bu, nə dərəcədə doğru məlumatdır?

- Bu barədə hələ bir söz deyə bilmərəm. Hələlik onunla heç bir söhbətimiz olmayıb. Roman Qriqorçukla belə razılaşmışıq ki, bu tip məslələri çempionatın sonunda müzakirə edək. Onun komanda ilə mövcud müqaviləsi mayın axırında başa çatacaq. Yalnız bundan sonra açıqlama verməyimiz mümkündür. (sportnet.az).