"Neftçi"nin prezidenti Kamran Quliyev Premyer Liqanın 15-ci turunda  "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb.

Offsideplus.az "Report"a istinadən xəbər verir ki, klub rəsmisi Ağdam təmsilçisi üzərində qələbə qazanmağın vacibliyindən söz açıb:

“Qarabağ”la oyunda komandamız əsl “Neftçi” adına layiq oyun sərgilədi və sonadək mübarizə apardı. Bunun öhdəsində gələ bildik. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib gəldiyimizə görə çox şadıq. Amma bu nəticə komandanı arxayınlaşdırmamalıdır".

K.Quliyev baş məşqçi Samir Abasov və futbolçulara güvəndiyini vurğulayıb: "Bu görüş artıq arxada qaldı. Növbəti oyuna hazırlaşmaq lazımdır. Baş məşqçimizə və futbolçularıma inanıram. Ümid edirəm ki, onlar "Neftçi" ailəsini növbəti qarşılaşmalarda da qələbələri ilə sevindirəcəklər".

Qeyd edək ki, "Qarabağ" üzərində qələbədən sonra xallarını 30-a çatdıran "Neftçi" liderliyə yüksəlib.