"Antalyaya Azərbaycan əsilli bir neçə futbolçunu izləmək üçün getmişdik. Təəssüratlarım çox yaxşıdı. Bunun səbəbi həmin futbolçuların həm hazırlıq durumu, həm də çıxış etdikləri çempionatın səviyyəsidir. Hər iki amil müsbət düşünməyə əsas verir".

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə səfərinin detalları barədə danışarkən deyib.

Qardaş ölkədə bir neçə futbolçunu izləyən italiyalı mütəxəssis daha çox Ukraynanın "Minay" klubunda çıxış edən Anatoli NuriyevRüstəm Əhmədzadənin çıxışını bəyəndiyini bildirib: "Nuriyev oyunu yüksək oxuma və meydanı görmə qabiliyyətinə görə seçilir. Əhmədzadə isə gənc olmasına baxmayaraq, çox yaxşı fiziki göstəricilərə malikdir. Əlinə düşən fürsətlərdən maksimum yararlanmağı bacarır".

65 yaşlı baş məşqçi həmin oyunçuların yığmanın qarşıdakı toplanışına çağırılıb-çağırılmayacağı ilə bağlı suala isə bu cür cavab verib: "Toplanışla bağlı tarix hələ rəsmiləşməyib. Amma bu dəfə daha tez yığışmağı düşünürük. Nuriyev və Əhmədzadənin hazırlıq prosesinə cəlb olunma məsələsinə gəlincə, bu, hüquqi prosedurların həyata keçirilməsindən asılı olacaq".

Canni de Byazi daha öncə Antalyada Rusiyanın "Ximki" klubunun hücumçusu Kamran Əliyevin də oyununu izləyib. 

Qeyd edək ki, "Minay" Ukraynanın yüksək dəstəsində 13 komanda arasında 11-ci pillədə qərarlaşıb. "Ximki" isə Rusiya Premyer Liqasında 16 komanda arasında 11-cidir. (Report)