Futzal millimizin baş məşqçisi Joze Alesio əldə olunan qələbə ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, qalibiyyətə baxmayaraq, təcrübəli müxtəxəssis komandasından tam razı qalmayıb: “Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm. Bizim əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyunöncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik.

Birinci hissədə ardıcıl epizodlar yaratdıq, təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Ancaq ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik”.