UEFA prezidenti Aleksander Çeferin DÇ-2022-yə ev sahibliyi edəcək Qətər yığmasının Avropa zonası üzrə seçmə mərhələdə Azərbaycan millisinin yer aldığı qrupdakı komandalarla yoldaşlıq görüşləri keçirməsi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Qətərdə yeni stadionun açılışı üçün Dohaya yollanan sloveniyalı futbol funksioneri bu komandaya özlərinin dəvət göndərdiyini söyləyib:Avropalılar futbolda ən yaxşıdırlar. Bu səbəbdən Qətər yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki qruplardan birindəki komandalarla oynaması onlara çox şey qazandıracaq. Çünki dünyaya futbolun bir olduğu mesajını vermək istədik. Fikrimcə, çox yaxşı fikirdir. Bu barədə bir müddət müzakirə apardıq, həmçinin bütün üzv assosiasiyalar buna müsbət yanaşdı. İnanıram ki, A qrupundakı komandalarla oynamaq onlara təcrübə qazandıracaq və mundial vaxtı çox köməyi dəyəcək”.

Qeyd edək ki, Qətər seçmə mərhələnin A qrupunda yer alan Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycanla yoldaşlıq görüşləri keçirəcək. Canni de Byazinin yetirmələrinin bu komanda ilə oyunları 27 mart və 14 noyabr tarixlərinə təsadüf edəcək.