Çempionatın ilk yarısında vurduğu 6 qolla diqqətləri üzərinə çəkən, hətta 2017-nin ən yaxşı futbolçusu adına namizəd göstərilən Mahir Mədətov üçün 2018 heç də yaxşı başlamayıb.

Çempionatın dekabra qədər olan bölümündə Dino Ndlovu ilə yanaşı oynamasına baxmayaraq, 6 qola imza atan gənc futbolçu son vaxtlar kölgəyə çəkilib.

Halbuki Ndlovu “Qarabağ”dan ayrılandan sonra Qurban Qurbanov Mahiri hücumda oynatmaqla qol ümidi kimi baxırdı. 16-cı turda “Səbail”lə, 17-ci turda “Kəpəz”lə baş tutan matçlarda komandasına qələbə qazandıran yeganə qola imza atan “11 nömrə”nin “ayağı bağlanıb”. Zarafat deyil, Mədətov 6 turdu qola həsrətdi. Bu isə səbəbsiz deyil. Nə məsələdisə, Qurbanov Mahirə əvvəlki inamını nümayiş etdirmir. 19-cu turda “Zirə” ilə görüşü əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında izləyən forvard 22-ci turda “Səbail”lə oyunun 64-cü dəqiqəsində Ramil Şeydayevin əvəzinə meydana çıxdı. 23-cü turda isə Mahirin adı, ümumiyyətlə, “Kəpəz”lə matçın iştirak ərizəsinə salınmamışdı. Göründüyü kimi, futbolçunun əvvəlki dönəmlərlə müqayisədə nisbətən az şans qazanması qol sayında da özünü göstərməkdədi.

Məlum durumla bağlı “Kəpəz”lə qarşılaşmadan sonra Qurban Qurbanova sual verən həmkarlarımız bu cavabı almışdı: “Mahir Mədətovun heyətdə olmamasının xüsusi səbəbi yoxdu. Belə qərar verdik. Formada deyil, arzulanan səviyyədə çıxış etmir”.

Sonradan sportlife.az saytında Mahirin kənarda qalması ilə bağlı maraqlı məlumat dərc olundu. İddiaya görə, 21 yaşlı yığma üzvünün gecə həyatı yaşaması və vaxtının çoxunu çay evlərində keçirməsi Qurbanovun qulağına çatıb. Halbuki baş məşqçi futbolçulara saat 23.00-dan sonra şəhərə çıxmağı qadağan edib. Qurban bəy həm Mədətovun, həm də digər futbolçuların dərs çıxarması üçün hücumçuya pul cəriməsinin kəsilməsinə də qərar verib: 3000 manat!

Halbuki Mahirin anası Elnurə Mədətova fevralda “Futbol+”ə verdiyi müsahibədə oğlunun gecə həyatından uzaq olduğunu demiş, həm özünün, həm də yoldaşının futbolçu övladlarını ciddi nəzarət altında saxladıqlarını dilə gətirmişdi. Mahir zənglərimizi cavabsız qoyduğundan, mətbuatda yazılanlarla bağlı ilk olaraq Elnurə xanımın fikirlərini öyrənmək istədik. Telefonu qaldıran, sualla tanış olan xanım Mədətova bu haqda danışmaq istəmədiyini bildirdi. Analoji addımı atası Anar Mədətov da atdı.

Odu ki, mətbuatda yazılanların haqlı olub-olmadığına özünüz qərar verin...  ("Futbol plus" qəzeti)