17 yaşadək qızlardan ibarət yığma komandamızın baş məşqçisi Zamir Həsənova ağır itki üz verib.

Offsideplus.az xəbər verir ki, özü də virusa yoluxan millimizin 36 yaşlı çalışdırıcısının atası və bacısı koronavirudan dünyasını dəyişib. Bu haqda öz "Facebook" səhifəsində paylaşım edən Zamir Həsənov aşağıdakı sözləri qeyd edib:

 "Bu acımasız xəstəlik COVİD-19-la bağlı bəzi ağrılı-acılı yazı yazmağı özümə borc bildim. Noyabrın 19-da özümdə test nəticələri pozitiv çıxdığından 14 günlük karantinə qapanmağa məcbur oldum. Mənimlə demək olar eyni vaxtda atamın, 40 ildən çox pedaqoji əməyi olan, şəxsən özümün də müəllimi və yaxın dost hesab etdiyim Mənsur müəllim, ardınca bacım, ömrünün 43-cü yaşında atamın adaşı sayıla biləcək Mənsurə bu amansız xəstəliyə yaxalandılar. Vəziyyət günü-gündən ağırlaşdığından, hər üçümüz xəstəxana şəraitində müalicə almalı olduq. Noyabrın 25-də atamın vəziyyəti anidən ağırlaşır və haqqın dərgahına qovuşaraq dünyasını dəyişir. Mənə ən çox əzab verən bundan 2 gün sonra xəbər tutmağımdı. Təəssüf ki, son mənzilə atamı çiyinlərimdə yola sala bilmədim. Ən çətin isə bacımın da bu bəladan mübarizə apardığına görə acımızı tam yaşaya bilmirdik ki, bircə xəbəri olmasın, həyat mübarizəsini apara bilsin. Təəəsüf ki, o da dekabr ayının 8-də bizim dərdin üzərinə dərd gətirdi. Atamızı bu dünyada olduğu kimi, o dünyada da çox tək buraxmadı, o da bu həyatdan köçdü. Cəmi 13 gün aralıqla çox doğma adamlarımı itirdim. Belə uzun təfərrətu ilə yazmaqda məqsədim ətrafımda bu xəstəliyi hələ də ciddiyə almayanların olmasıdı. Xəstəxananın çölündə içəri düşmək üçün yalvaranları gördüyümdən, içəridə isə kömək üçün yalvarıcı baxışlarla həkimlərə zillənən gözləri hələ də unuda bilməməyimdən xahiş edirəm qoruyun özünüzü. Qapınızdan içəri girməmiş ciddiyə alın bu bəlanı".