Hazırda klubsuz olan yerli futbolçularımız arasında ən çox diqqət çəkənlər Araz Abdullayev, Vaqif Cavadov, İlqar Qurbanov Amil Yunanovdur.

Aralarında ölkə futbolunun məşhur simalarının da yer aldığı oyunçuların işsiz olmasının səbəbi nədir?

Futbol meneceri Erkin İbrahimov Offsideplus.az-a açıqlamasında bunu Premyer Liqasında klub sayının az olması ilə əlaqələndirib:

"Bu futbolçular arasından Araz Abdullayevi kənara qoyardım, çünki Arazın bir yox, ən azı iki klubdan təklifi var. Ola bilsin ki, ona təklif olunan maliyyə şərtləri uyğun deyil və yaxud da özünü Avropada sınamaq istəyir. Digər futbolçulara gəlincə, köhnə problemimizə qayıdırıq - klubların sayı azdır. Komandaların sayı çox olsa, bu futbolçular yerbəyer olunar. Nəinki adı qeyd olunanlar, həmçinin əvəzedicilər də. Onların arasında elə futbolçular var ki, şans verilən təqdirdə oynaya bilərlər. Necə ki, vaxtilə 18 yaşlı Kamran Ağayev Tovuzun "Turan" klubunda çıxış etdi və orda parladı. Amma 8 komanda olsaydı, Kamran harda oynaya bilərdi? Həmin vaxtlarda hər yerdə qapıçılar legioner idi. Kamran isə gənc idi, ona heç kəs şans verməzdi. Yeganə çıxış yolu nisbətən aşağı klublarda oynamaq idi.

Deyərdim ki, yeganə problem budur. Azərbaycanda 10 milyon insan yaşayır, ən azı 10 klub olmalıdır. 8 klub ancaq Baltikyanı ölkələrdədir. O ölkələr ki, əhalisinin nüfuz sayı Bakıda yaşayanlar qədər deyil".

E. Abdullayev futbolçuların özündə də müəyyən arxayınlaşma olduğunu qeyd edib: "Yerli futbolçuların bir çoxunda da günah var. Bir az pul alıblar, arxayınlaşma olub. Futbolçularda da yəqin ki, bir problem var ki, onları bu 8 klub istəmir".