Sumqayıt”ın yarımmüdafiəçisi Rəşad Eyyubov Azərbaycan Premyer Liqasının 22-ci turunun “Neftçi” ilə oyunundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, gözəl zərbə ilə görüşdə hesabı açan futbolçu ikinci hissədə hakimdən icazə alıb meydanı tərk etməsinin səbəbini də açıqlayıb.


- Başlayaq oyunun gedişində hakimdən icazə alıb meydanı tərk etməyindən. Bu, nə ilə bağlı idi?

- Texniki problem idi. Tualetə getmək istəyirdim, ona görə çıxdım. Lakin baş məşqi dəyişiklik etməyə qərar verdi. 

- Səncə, çıxmasaydın, əvəzetmə olmazdı?

- Bilmirəm, baş məşqçi belə istədi. Bu, onun qərarıdır.

- Oyun haqda nə düşünürsən?

- İki fərqli hissə oldu. Oyuna yaxşı başladıq, qol vəziyyətləri yaratdıq. İkinci hissəyə də pis başlamamışdıq. Sonradan üstünlüyü "Neftçi”yə verdik. Öz səhvlərimizdən qollar buraxdıq, bunları analiz edəcəyik. Lakin xarakter hesabına məğlubiyyətdən qaçdıq və xal qazanmağı bacardıq. 

- Bu nəticə səni razı alır?

- Bir tərəfdən razıyam, digər tərəfdən isə yox. Amma ümumi götürəndə 1 xal da 1 xaldır.

- Oyunda baxımlı zərbə ilə hesabı açdın. Bunu karyeranın ən yaxşı qolu hesab etmək olar?

- Qolları gözəl və ya gözəl olmayan kateqoriyalara bölmürəm. Mənim üçün vacib və vacib olmayan qol var. Bu qol bizim üçün vacib xal gətiribsə, mənim üçün də önəmlidir. 

- Qarşıda sizi ölkə kubokunun yarımfinalında "Keşlə” ilə oyun gözləyir. Bu barədə nə düşünürsən?

- Artıq kubok oyununa hazırlaşacağıq. Şansları 50/50-yə dəyərləndirirəm. Hiss olunur ki, rəqibimizin çempionatda hədəfləri yoxdur. Bütün fikirləri kuboka yönəlib. 

- Milli komandaya dəvət alandan sonra daha inamlı çıxış edirsən...

- Əlbəttə, milliyə çağırılmaq çox xoşdur. Bu, hər bir futbolçu üçün fəxr, eyni zamanda əlavə məsuliyyətdir. Yığmada qalmaq üçün daha yaxşı oynamalıyam.

- Mövsümün sonunda “Sumqayıt”ın bəzi aparıcı futbolçularının "Neftçi”yə keçəcəyi söylənilir. Maraqlıdır, təklif gəlsə, hansı cavabı verərsən?

- Hələlik bütün fikrim "Sumqayıt”la bağlıdır. Mövsüm başa çatdıqdan sonra bu haqda düşünmək olar. Mənimlə heç kim əlaqə saxlamayıb. Olsa belə, danışıq aparmaram. Bu, ilk növbədə "Sumqayıt”a qarşı düzgün olmaz. "Neftçi” avrokuboklara vəsiqə qazanmaq baxımından əsas rəqibimizdir.