Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl keçirilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Heyətdə zədəli futbolçular varmı?

- İki zədəli futbolçumuz var. Onların durumu da sabah bilinəcək.

- Sabahkı heyət 3 gün əvvəl yoxlama görüşündəki heyətlə eyni olacaq?

- Yekun qərarı verməmişəm. Yəqin ki, eyni heyət olmayacaq. Kristofer Martins də komandaya qoşulub. Yekun heyət sabah bilinəcək.

- Kristofer Martins dünən məşqdə iştirak etməyib. O, sabah əsas heyətdə oynaya bilərmi?

- Martins bir neçə gün əvvəl İsveçrədə kubok qazanıb. Onun komandamız üçün nə qədər əhəmiyyətli olduğunu hamımız bilirik. Çünki o, yüksək səviyyəli futbolçudur.

- Azərbaycan milli komandasıyla bağlı hansı məlumatlara sahibsiz?

- Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Onların oyun fəlsəfəsini bilmirik. Hər iki komanda eyni səviyyəlidir. Hər iki ölkədə futbol uzun müddət olmadı. Nəsə demək çətindir.

- Sizcə, bu oyunun favoriti Azərbaycan millisidir, yoxsa Lüksemburq millisi?

- İlk oyunda çox diqqətli olmalıyıq. Əlbəttə, oyunun favoriti Azərbaycandır. Əsas diqqətimizi düzgün müdafiə olunmağa verəcəyik. Düşünürəm ki, Azərbaycan millisi bu oyunun favoritidir?

- Qələbə üçün Lüksemburq nəyə ümid edir?

- Bu, bir oyundur və xüsusi bir üstünlüyümüz yoxdur.

- Azarkeşlərin yoxluğu futbolçulara təsir göstərə bilərmi?

- Azarkeşlərin olmamasının futbolçulara nəsə təsiri olacağını düşünmürəm. Sabah çətinliyimiz o ola bilər ki, oyunumuzu tapa bilməyək. Sabah meydanda necə olacağını görəcəyik. Hər iki komanda 10 aydan çoxdur ki, oyun keçirmir, çətin olacaq.

- Sualları cavablandırarkən çox ehtiyatlı danışırsız. Həqiqətənmi, Azərbaycandan çəkinirsiz, yoxsa nəyisə gizlətmək, rəqibə arxayınlıq vermək istəyirsiz?

- Əlbəttə, bu, mənim həqiqi olan fikirləridir. Nəyisə gizlətmirəm. Kiçik detallar oyunun nəticəsini müəyyən edir. Həqiqətən, Azərbaycan millisini daha üstün sayıram.

- Kristofer Martins son dönəmlərdə daha çox oyun keçirib, nəinki, Azərbaycan millisinin futbolçularının əksəriyyətinin forma geyindiyi "Qarabağ". Sizcə, bu, bizim üçün üstünlükdür?

- Bunu heç də üstünlük hesab etməzdim. Martinsdən əlavə futbolçular var ki, 6-7 ay futboldan uzaq qalıb. Hər iki komandanın durumu eynidir.

- Azərbaycan milli komandasının yeni baş məşqçisi var və yığmanın necə oynayacağı bilinmir. Bu, sizin oyuna hazırlığınıza necə təsir edir?

- Əvvəl də dedim ki, bu haqda fikir bildirmək çox çətindir, rəqibin necə oynayacağını bilmirik. Ağlımda 2-3 ideya var. Oyuna ehtiyatlı başlamalıyıq. Sabah futbolçuların oyunundan asılı olaraq taktiki gedişlər edəcəyik.

- Lüksemburqun heyətində alman və fransız dilində danışan futbolçular çoxdur. Siz də alman dilində danışırsız. Bilmək istərdim ki, Lüksemburqun oyun fəlsəfəsi alman, yoxsa fransız tərzidir?

- Lüksemburq stili bizə daha uyğundur.