"Neftçi" klubunun baş məşqçisi Füzuli Məmmədov sentyabrın 11-də Premyer Liqanın II turunda "Sumqayıt"la keçirəcəkləri oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə gənc mütəxəssis bunları deyib:

- Heyətlə bağlı nə deyə bilərsiniz? Zədəli futbolçular varmı?

- Ümumi vəziyyət normaldır. Bəzi oyunçularımız bilirisiniz ki, hazırda milli komandadadır. Qalan oyunçularımız hamısı məşqdədirlər. Sayımızın daha çox olması üçün bəzi gənc oyunçuları da məşqlərə dəvət etmişik. Ümumən vəziyyət yaxşıdır, zədəli oyunçumuz yoxdur və "Sumqayıt"la oyuna hazırlaşırıq.

- Millinin heyətinə cəlb edilən futbolçular hazırda "Neftçi"nin məşqlərinə qoşula bilmir. Bunun sizin üçün mənfi təsiri ola bilər?

- Xeyr, əksinə orada da futbolçular hazırlaşırlar və qarşıda oyunları var. Düşünürəm ki, bizə çox da təsir etməyəcək və hər şey qaydasında olacaq.

- Yoxlama oyunu üçün rəqib nəzərdə tutulubmu?

- Əlbəttə yoxlama matçı keçirmək istərdik, ancaq bizim plana uyğun olmadığına görə, ikitərəfli oyunla kifayətlənəcəyik.

- Püşk barədə nə deyə bilərsiniz? Düzdür, qarşıda "Sumqayıt"la oyunu fikirləşirsiniz, ancaq bu gün Azərbaycanda hamı "Neftçi" - "Qalatasaray" oyunu barədə danışır. "Neftçi"nin "Qalatasarayı" keçməyi mümkündürmü? Və necə keçməyi düşünürsünüz?

- Düz buyurdunuz ki, hazırda bütün diqqətimiz "Sumqayıt"la oyuna yönəlib. O ki, qaldı "Qalatasaray"la oyuna, bu barədə heç nə düşünmürük. Hazırda bütün fikirlərimiz "Sumqayıt"la oyuna yönəlib.

 - "Qalatasaray"la oyuna görə futbolçularda həyəcan varmı?

- Xeyr, elə bir həyəcan hiss etmirəm. Əlbəttə, bilirisiniz ki, "Qalatasaray" qardaş ölkənin komandasıdır və belə deyək, Türkiyənin ən güclü klublarından biridir. Qarşıda "Sumqayıt"la oyunumuz var və hər kəsə də tapşırılıb ki, başımızı aşağı salıb bu matça hazırlaşaq.

- "Qalatasaray"la oyuna görə, "Sumqayıt"la qarşılaşmada heyətdə hər hansı dəyişiklik edəcəksiniz ki, futbolçular zədələnməsin və həmin görüşə hazır olsunlar?

- Düşünmürəm ki, çox da dəyişiklik olsun. Hazırda əlimizdə o qədər futbolçu da yoxdur ki, dəyişiklik edək. Ola bilər bir-iki dəyişiklik olsun, ancaq böyük dəyişiklik olmayacaq.

- Demişdiniz ki, yeni transfer gələcək. "Sumqayıt"la oyunda həmin futbolçu heyətdə olacaq?

- Bu haqda sizə dəqiq məlumat verə bilmərəm ki, yeni transfer "Sumqayıt"la oyunda olacaq, ya yox. Düşünürəm ki, "Qalatasaray"la oyuna qədər yeni transfer olacaq.

- Kamran Quliyev ("Neftçi"nin prezidenti") açıqlama vermişdi ki, Türkiyə klubları "Neftçi"nin iki futbolçusu ilə maraqlanır. Deyə bilərsinizmi, onlar kimdir?

- Bu haqda açıqlama vermək istəmirəm.

- "Qalatasaray"ın yoxlama oyununu izlədiniz? Hansı məqamlar diqqətinizi çəkdi?

- Təbii ki. "Qalatasaray"ın heyəti  barədə danışmağa ehtiyac yoxdur. Bütün dünya onları tanıyır. Qardaş ölkədir, can qardaşlarımızdır, ancaq biz meydana qələbə üçün çıxacağıq.

- Bu oyunda şansları necə dəyərləndirirsiniz?

- Mənim üçün qələbə şansımız 100 faizdir.