"İlk məqsədimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır"

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl son günlərdə cəbhədə baş verən hadisələrlə bağlı danışarkən deyib.

Ağdam təmsilçisinin "instagram" səhifəsində edilən paylaşımda klub rəsmisi təxribatlar nəticəsində şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət diləyib, yaxınlarına isə başsağlığı verib:

"İyulun 12-dən başlayaraq Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı başlamışdır. Lakin bu təxribata ordumuz düşmənin layiqli cavabını vermişdir və verməkdə də davam edir. Ordumuz tam ruh yüksəkliyi ilə düşmən qarşısında mərdanə dayanıb. Döyüşçülərimizin bu qəhrəmanlıqları bir zəfər kimi hər zaman yaddaşlarda qalacaq. Bu döyüşlər nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik. Biz də adını daşıdığımız klubun əhəmiyyətini yaxşı dərk edirik və bununla fəxr edirik. Hər zaman ilk məqsədimiz Qarabağ həqiqətlərini və erməni təxribatlarını dünyaya çatdırmaqdır. Və bu missiyanı davam etdirmək üçün hər zaman əlimizdən gələni edəcəyik. "Qarabağ" FK da bugün yaşıl meydanlarda bu həqiqəti aşılamaq üçün mücadilə aparır. Hər zaman dünyada sülhün bərqərar olması bizim ən böyük təmənnamızdır. İstənilən halda, biz dövlətimizə, prezidentimizə, ali baş komandamıza, ordumuza, xalqımıza güvənirik və yanındayıq."