Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclası keçirilib.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenkonun iştirakı ilə keçirilən videokonfransda Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının iyunun 21-də bərpa olunmasına qərar verilib.

Premyer Liqa klubları məşqləri iyunun 1-dən etibarən bərpa edə bilərlər.

Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə “COVID-19” testinə cəlb olunacaq. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər.

Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək.

Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək.

“COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.
Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.