"Karantin günləri o qədər də çətin keçmir. Evdə "onlayn" məşqlər keçirik. Sonra da oyunlar oynayıb baş qatırıq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Sabah"ın futbolçusu Cavid İmamverdiyev koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq olunan karantin rejimindən danışarkən deyib.

3 aydır futbolsuz qalan 30 yaşlı yarımmüdafiəçi formadan düşdüyünü bildirib:

"Özümüzü az da olsa formadan düşmüş hiss edirik. O da bizdən asılı deyil, evdə "onlayn" məşq etsən belə istər-istəməz formadan düşürsən. Mən inanmıram ki, hansısa futbolçu karantin vaxtında formada qalsın. Bu, normal bir şeydir".

Çempionatın tezliklə bərpa olunacağına ümid edən futbolçu mövsümün qaldığı yerdən davam etməsinin onların xeyrinə olacağını düşünür:

"İstəməzdim çempionat bitsin. Çox istərdim ki, çempionat tez bərpa olunsun və qaldığımız yerdən mövsümü davam etdirək. İnşallah, çempionat davam edər. Çünki bizim bu mövsümün sonunda Avrokuboklara getmək şansımız var. Əgər çempionat davam etsə, inanıram ki, Avropaya getməyimiz alınacaq".

Qeyd edək ki, "Sabah" klubu 20 turdan sonra 21 xalla turnir cədvəlinin 6-ci pilləsindən qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 13 mart tarixindən etibarən fasilə yaranıb.