Hazırda bir çox ölkələrdə olduğu kimi Azərbaycan Premyer Liqası da koronavirus pandemiyasına görə dayandırılıb. AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik bu müddətdə ölkəsinə niyə getmədiyinin səbəbini açıqlayıb.

Offsideplus.azxəbər verir ki, avstriyalı mütəxəssis LAOLA1-ə açıqlamasında getməməsinin iki səbəbi olduğunu bildirib: “Avstriyaya qayıtsam, 2 həftə karantində qalacaqdım. Daha sonra yenidən Azərbaycana gəlsəm, 14 gün və daha çox müddəti əhatə edən karantin məni gözləyirdi. İkincisi, futbol yenidən davam edərsə, Bakıda olmağım lazımdır. Çünki AFFA qarşısında öhdəliyim var”.
F. Ştuxlik Azərbaycanda koronavirusla bağlı vəziyyətin dramatik olmadığını deyib: “Son açıqlamaya əsasən, vəziyyət nəzarət altındadır. 50 yeni yoluxma faktı aşkarlanıb. 10 milyon əhalisi olan ölkə üçün o qədər də böyük rəqəm deyil. Hazırda gücləndirilmiş karantin fövqəladə vəziyyət tətbiq olunub, bir çox iş yerləri fəaliyyətini dayandırıb. Ərzaq, xidmət və bu kimi bəzi iş yerləri isə fəaliyyətini davam etdirir. 10 gündür ki, evdən çıxmaq üçün sms-icazə xidməti aktivləşdirilib. Market, aptek və bu kimi zəruri hallarda 2 saatlıq icazə elə evdən çıxa bilirsən. Yolda polislər saxlayıb icazən olub-olmadığı ilə maraqlanırlar”.
Azərbaycan Premyer Liqası ilə bağlı vəziyyətin hazırda sual altında olduğunu deyən komitə sədri “Qarabağ”ın çempionluq şansını yüksək qiymətləndirib: “Çempionatın başa çatmağına 8 tur qalıb. Kubokda yarımfinal və final matçları da oynanılmayıb. İndiki vəziyyətdə gələcəklə bağlı nəyisə dəqiq demək çətindir. Hazırda turnir cədvəlinə “Qarabağ” liderlik edir, son altı ildə olduğu kimi, bu il də çempion olmaq şansları yüksəkdir. Çempionatı bu il hansısa klubun tərk edəcəyi gözlənilmir. Çünki klub sayının 10-a yüksəldilməsi planlaşdırılır”.