"Neçə illərdir futboldayam, amma bu qədər vaxt futbolsuz qalmamışdım. Hətta çempionat oyunları dayandırılanda belə bu cür olmamışdı".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin köməkçi məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis futbol təsərrüfatının koronavirusa görə, alt-üst olduğunu bildirib:

"Bağ evində məşkunlaşmışıq. Oğlum futbolla məşğul olur. Bu səbəbdən də onunla dəniz qırağında tez-tez qaçırıq. Mütəmadi olaraq məşqlər edirik, amma əvvəlki həyatımızla eyni deyil. Koronavirus ən çox futbol adamlarına psixoloji təsir etdi. Bütün günü məşqdə, stadionda, oyunda olanlar indi evdə oturublar. Necə olacağını hələ də bilmirik. Karantin qaydalarına əməl edirik. Gözləyək, görək, nə olur".

Arif Əsədov Azərbaycan millisinə baş məşqçi seçimi ilə bağlı federasiyanın indi hansısa danışıqlar aparacağına inanmadığını bildirib:

"Düşünmürəm ki, federasiya rəsmiləri hansısa məşqçini konkret namizəd olaraq qərarlaşdırıb. Bu, ancaq nəzəri olaraq ola bilər ki, ölkədən çıxış qadağandır. Hansısa məşqçi ilə razılıq olunsa, o, pandemiya bitdikdən sonra başqa bir komanda və ya klubla anlaşa bilər. Hamı qınıyırdı ki, baş məşqçini niyə tez bəlli etmirlər. İndi hansısa mütəxəssislə razılıq əldə olunsa idi, ona ancaq maaş veriləcəkdi. Hansı ki, indi hamı evdə oturub".