“Sumqayıt”la oyunda gözlənilməz olan sırf nəticə idi”.

Bu sözləri Offsideplus.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın XX turunda “Sumqayıt”la matça yetirmələrinin verilən tapşırığı layiqincə yerinə yetirdiklərini bildirib:

“İnkişaf baxımından komanda axsamır. Çünki heyətə yeni qoşulanlar var idi. Həmin oyunçularla birgə komandanın oyununda artım müşahidə edirdik. “Sumqayıt”la matçda da futbolçular verilən tapşırığı layiqincə yerinə yetirdi və qələbə qazandı”.

40 yaşl məşqçi futbolçularının onun tələb etdiklərinin yerinə yetirdiklərini qeyd edib:

“Bizim öz oyun üslubumuz var. Sevindirici hal budur ki, komanda tələb etdiklərimizi edə bilir. Bunların nə olduğu bizim özümüzün sirri olaraq qalsın. Oyundan-oyuna hiss edirik ki, futbolçular tapşırıqları dəqiqliklə mənimsəyir”.

Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXI turunda qarşılaşacaqları “Qarabağ”la oyunun hazırlıqlarına başladıqlarını bildirib:

“Sumqayıt”la oyundan sonra məşqlərimiz planlı şəkildə davam edir. Hazırda “Qarabağ”la oyuna köklənmişik. Planlı şəkildə Ağdam təmsilçisi ilə oyuna hazırlaşırıq”.

“Qəbələ”nin məşqçisi “Qarabağ”la başabaş mübarizə aparmaq əzmində olduqlarını da qeyd edib:

“Biz sırf nəticə üçün oynamırıq. Əsas hədəfimiz yaxşı oyun sərgiləməkdir. Rəqibimiz “Qarabağ”dır. Kifayət qədər güclü heyəti var. Premyer Liqanın vahid lideridirlər. Onlarla başabaş mübarizə aparmaq əzmindəyik”.

 

İlkin Sultanlı