"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turunda "Keşlə"yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

 Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq, oyun haqda danışıb: 

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda mübarizə apardı. Get-gedə hər bir komandanın oyununda inkişafı görürük. Hər oyuna belə motivasiya, istəklə çıxmalıyıq".

- Son oyunlarda Aylton Silvanı əvəzləyir və Maksim Medvedevi sol cinaha keçirirsiz. Bu, Ayltonun gedişinə hazırlıq məqsədi daşıyır?

- İkinci oyundur belə edirik. Aylton bir matçı cəza səbəbindən buraxmışdı. Performansı 90 dəqiqə oynamağa çatmır. Ona görə ikinci hissədə çatdırmadığı hiss olundu. Maksim dəfələrlə orda oynayıb. Başqa bir səbəbi yoxdur.

- Bu gün Abdullah Zubiri hücumun arxasında oynadırdınız. Bu eksperimentin effektiv alındığını düşünürsüz?

- Bu gün mövqe dəyişikliyi etmişdik. Əvvəl də bəzi matçlarda belə yerdəyişmə olub. Bu gün sırf rəqibə görə belə addım atdıq. Zubirə qarşı müdafiəçilər daha sərt, yaxın oynayırlar. Ona sərbəstlik vermək istəyirdik. Özünü pis göstərmədi.

- Bugünlərdə müzakirə olunur ki, Rəşad Sadıqov mövsümün sonunda karyerasını başa vuraraq məşqçiliyə başlayacaq. Yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir? Onunla bu barədə danışmısınız?

- Rəşad keçən il karyerasını bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif etdik. Özü razı olmadı. Bir il də oynayıb tamamlamaq istəyirdi. Qərara gədik ki, bu mövsüm oynayıb, sonra karyerasını bitirsin. Onu son ildə mən saxlamışam ki, oyununu davam etdirsin.

Rəşadın adının milli ilə hallanması məni sevindirir. Futbolda böyük əziyyəti olan insana belə hörmət edilməsi və inanılması sevindiricidir. Onun böyük potensialı var. Bunu hamınız bilirsiz. Həm futbolçu kimi, həm məşqçi kimi belədir. Bizim futbolçularımızın və məşqçilərimizin yaxşı yerlərdə oynamasına ancaq sevinirik. Potensiallı insanlara güvənmək mənim üçün xoşdur.