Bu gün Azərbaycan Premyer Liqasının 18-ci turunun son oyunları çərçivəsində "Sabah" "Səbail"lə qolsuz bərabərliyə razılaşıb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin futbolçusu Bəhlul Mustafazadə brifinqdə iştirak edib. Gənc futbolçu ilk olaraq, oyunla bağlı təəssüratlarını bölüşüb:

- İlk dəqiqələrdən qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Düşünürəm ki, tam heyətlə oynasaydıq, qələbə qazanma şansımız daha çox idi. Buna baxmayaraq vuruşduq, çox çətin qarşılaşma oldu. Şanslarımız da oldu ancaq qol vura bilmədik. Ümumilikdə isə oyunun nəticəsini ədalətli hesab edirəm.

- Qırmızı vərəqə epizodu ilə bağlı nə deyə bilərsən?

- Açığı mən həmin epizodu görmədim, ancaq komanda yoldaşlarım bildirdi ki, qırmızı vərəqə var idi.

- "Sabah" son iki oyunda qələbə qazanıb və bu gün də məğlub olmadınız. Oyununuzdakı yüksəlişin səbəbi nədir?

- Düşünürəm ki, baş məşqçinin bizdən istədiklərini daha yaxşı anlamağa başlamışıq. İlk gəldiyi günlərdə bizim üçün uyğunlaşma baxımından müəyyən çətinliklər var idi. Zaman keçdikcə təlim-məşq toplanışlarında onun istədiklərini dərk etdik və bunu reallaşdırdıq.

- Ramil Şeydayev yenidən Azərbaycan Premyer Liqasına qayıtdı. Ümumiyyətlə onun Avropadan Azərbaycana qayıtmasına sevinirsən yoxsa üzülürsən?

- Ramilin "Sabah"a gəlməsi bizim üçün üstünlükdür və mən bir komanda yoldaşı olaraq buna sevinirəm. Onun şəxsi karyerası ilə bağlı nəsə demək çətindir, ancaq bunu deyə bilərəm ki, xaricdə qalsaydı daha yaxşı inkişaf edə bilərdi. Ancaq yenə də Ramil çox çalışqan bir oyunçudur və burada da onun irəli gedə biləcəyini düşünürəm.