“Zirə” klubunun baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Keşlə”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında səhvlər nəticəsində qollar buraxdıqlarını bildirib:

“Oyuna əlimizdə olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi. Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey “qara zolağ”a düşməkdir. Mən bundan qorxurdum. Komanda şəklində müdafiə olunmaq lazımdır. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, oyundan kənar vəziyyətdir”.